Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranın maraqlarını təhdid edən hər kəsə zərbə endirəcəyik

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər ölkənin dörd bir tərəfindən gəlmiş minlərlə kiçik tibb işçisi ilə görüşdə sanitar işinin əxlaqi dəyərlər və insani keyfiyyətlərdən ibarət bir kompleks olduğunu dedi. O, İran xalqının böyük sınaqlar, xüsusilə 1388-ci ilin 9 dey qəhrəmanlığı, bu ilin aban ayı baş verən hadisələr zamanı ayıqlıq göstərməsi və bu sınaqlardan üzüağ çıxması, fitnəçilər və xalqın ümumi malını talan edənlərdən ayırmasına işarə edərək regionda, xüsusilə İraqda ABŞ-a qarşı olan nifrət dalğasının insanların ABŞ-ın cinayətlərinə qarşı təbii reaksiyası olduğunu dedi. O, ABŞ prezidentinin çərşənbə axşamı baş verən hadisələrin əsas səbəbkarı kimi İranı günahlandırması və İran xalqını təhdid etməsi məsələsinə toxunaraq dedi: “Bunlar əlaqəsiz və məntiqsiz sözlərdir. Çünki region əhalisi ABŞ-a nifrət edir. Hamı bilsin ki, İslam Respublikası müharibə istəmir, ancaq İran xalqının maraqlarını, izzətini, əzəmət və inkişafını təhdid edən istənilən şəxsə heç düşünmədən qarşı çıxıb möhkm bir zərbə endirəcək”.

Həzrət Ayətullah Xamenei hər kəsi Həzrət Zeynəbin (s.ə) mövludu və tibb işçiləri günü münasibətilə təbrik etdikdən sonra btün ölkədə 9 dey tarixinin qorunması məsələsinə işarə edərək dedi: “Böyük sınaqlardan biri olan 9 dey 1388-ci il tarixində İran xalqı ayıqlıq və sayıqlıq göstərdi, küçə və xiyabanlara axışaraq böyük və köklü bir planı məhv edə bildi”.

Həzrət Ayətullah Xamenei aban ayının son hadisələrinə işarə edərək vurğuladı: “Xalıqn öz tələbləri vardır. Əksərən də haqq xalqladır. Bu təvəqqe və gözləntilər yerinə yetirilmədikdə etiraz edirlər. Sadəcə, xalqın tələbləri bu tələblərin bəhanə edildiyi fitnədən fərqlidir. İkincisi düşmənin işidir”.

İslam İnqilabının Rəhbəri dedi: “Xalqın tələbləri var idi. Ancaq düşmənin bu tələblərdən sui-istifadə etmək üçün hazırladığı fərdlər tez meydana atılıb qarışıqlıq yaratmağa başladılar. Bu hadisələr zamanı xalqın ayıqlığı onda idi ki, düşmənin sui-istifadəsini görən kimi özlərini xalqın arasında gizlədən fitnəçilərdən ayrıldı və fitnəçilər tək qaldılar. Bir neçə gündən sonra da əhali ölkənin ayrı-ayrı şəhərlərində böyük izdihamlarla küçələrə axışdı”.

O vurğuladı ki, xalqın aban ayındakı ayıqlığı 1388-ci ildəki xalq ayıqlığı kimi təxribata son qoydu: “Aban ayanın iğtişaşlarının, benzin və buğda anbarı, habelə xalqın ümumi malına hücumun ssenaristləri xarici agentura şəbəkələri ilə əlaqəsi olan insanlar olmuşdur”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Ölkənin yüksək rütbəli rəsmilərindən biri aban hadisələri baş verdiyi günlərdə Vaşinqtonda olmuş xarici siyasətçilərdən birinə istinadən deyirdi ki, amerikalılar hadisənin birinci günü sevinc və şadlıq içində idilər. İranın işinin bitdiyini düşünürdülər. Bir-iki gündən sonra hadisələrin yekunlaşdığını görən amerikalılar, ürəkləri istəyən nəticə hasil olmadığı üçün çox narahat oldular”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bu, ABŞ-ın ağılsız liderlərinin daxili gerçəkliyini göstərir. O, İraqda baş verən sn hadisələrə işarə edərək dedi: “ABŞ-ın Həşdi-şəbiyə hücümu, əslində, İŞİD-in intiqamı idi. Çünki İŞİD-i yerə yıxıb məhv edən İraq xalqının könüllü hərəkatı olmuşdur”.

O vurğuladı: “Mən, hökumət və İran xalqı ABŞ-ın İraqın Həşdi-Şəbisinə hücum cinayətini şiddətlə qınayırıq”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, Bağdad və bütün İraqda ABŞ əleyhinə həyəcan ABŞ-ın cinayətlərinin təbii nəticəsidir: “ABŞ-ın prezidenti deyib ki, biz bu problemləri İranın gözündən görürük və ona cavab verəcəyik. Ancaq onlara demək lazımdır ki, əvvəla, qələt edirsiniz. Çünki bu məsələnin İrana heç bir aidiyyatı yoxdur. İkincisi də məntiqli olun və bu hadisələrin əsl səbəbinin nə olduğunu anlayın. Təbii ki, onların məntiqi yoxdur”.

Həzrət Ayətullah Xamenei dedi: “Amerikalılar başa düşməlidirlər ki, regionun, o cümlədən İraq və Əfqanıstanın əhalisi onlara, törətdikləri cinayətlərə görə, nifrət edir və bu nifrət bir yerdə özünü göstərəcək”.

O, ABŞ-ın, xüsusilə çirkin Bləkvoter təşkilatının İraq və Əfqanıstandakı cinayətlərinə, İraqda minlərlə alim və sivil insanın öldürülməsinə işarə edərək dedi: “ABŞ-ın siyasi və təhlükəsizlik hərəkətləri, region əhalisinə qarşı zülm və mənfəətlərin qarət edilməsi, xalqa qarşı təkəbbürlü davranışın nəticəsi belə bir nifrətdir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, ABŞ rəsmilərinin icazə almadan bəzi region ölkələrinə səfər etməsi və öz bazalarına getmələri region ölkələri və xalqlarına qarşı təhqiramiz davranışların bir nümunəsi, nifrət və qəzəb dalğasına zəmindir: “İslam Respublikasının hər hansı ölkə ilə konflikti və ya mübarizəsi olsa, bunu açıq şəkildə edəcək. Ancaq hamı bilsin ki, biz ölkənin maraqlarına, mənfəətlərinə, İran xalqının izzəti, əzəməti və inkişafına çox sadiqik. Bunları təhdid edən istənilən şəxsə qarşı heç düşünmədən çıxacaq və ona öz zərbəmizi endirəcəyik”.

Həzrət Ayətullah Xamenei İran xalqının bütün sahələrdə şücaətli, ayıq və hazır olduğunu dedi: “Müharibə olacağını deyən insanların dediklərinin əksinə olaraq biz ölkəni heç vaxt müharibəyə sürükləmərik. Lakin başqaları hər hansı məsələni İrana zorla qəbul etdirməyə qalxarlarsa, biz bütün gücümüzlə onlara qarşı mübarizəyə qalxarıq”.

O vurğuladı: “Biz inanırıq ki, Allah bizimlədir, qələbə də İran xalqına məxsusdur. Habelə biz inanırıq ki, bu ölkənin sabahı bu günkündən yaxşı olacaq, necə ki, ölkənin bu günü dünənindən yaxşıdır”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində Həzrət Zeynəbin (s.ə) bəşər tarixinin üstün bir xanımı olduğunu dedi: “Bu əzəmətli xanım, güclü və qüdrətli şəxsiyyət şəfqət bacısı kimi tanındı. Həzrət Zeynəblə tibb bacıları arasındakı xüsusi bağlılıq yerində və həqiqətən, mübarək bir işdir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, sanitar işi əxlaqi və insani dəyərlər, o cümlədən şəfqət, mərhəmət, qətiyyət, məsuliyyət, hövsələsizlik və kobudluqlara qarşı səbir və dözüm, qətiyyət və çətinlikləri gördükdə bezməmək kimi xüsusiyyətlərin məcmusudur: “Tibb işçisinə hörmət insani dəyərlərə hörmət və nadir tapılan əxlaqi dəyərlərə qiymət qoymaqdır”.

O bildirdi ki, insan cəmiyyətlərinin problemləri əsasən əxlaqi və insani dəyərlərin olmaması səbəbilədir: “Bu gün İran cəmiyyəti zirvəyə doğru hərəkətdədir. Bu çox mühüm, qürurverici və böyük hərəkətin əxlaqi dəyərlərin təbliğinə aşkar ehtiyacı var”.

Həzrət Ayətullah Xamenei son günlər səy və təlaş göstərərək xalqın yardımları ilə yüzlərlə məhrum cütlüklərə cehiz alan bir xeyriyyəçini göstərən bir televiziya proqramına işarə edərək dedi: “Səbr, mehribanlıq, dözüm və şəfqət kimi üstün əxlaqi keyfiyyətlər İranlı müsəlmanın əxlaqi köklərinin tərkib hissəsidir. Təbii fəlakətlər zamanı da insanlar cani-dildən bir-birinə yardım göstərirdilər”.

O vurğuladı: “Bütün idarəetmə, təbliğat və media qurumları, müəllimlər, dini fəallar, hətta siyasi fəalların vəzifəsidir ki, bu üstün keyfiyyətləri cəmiyyətdə yaysınlar”.

İslam İnqilabının Rəhbəri kiçik tibb işçilərinə fiziki və mənəvi qayğının göstərilməsinin vacibliyini vurğuladı: “Tibb işçilərinin, xüsusilə xanım işçilərin hövsələ, yüksək əhval-ruhiyyə, ailə ehtiyaclarının ödənilməsi kimi problemləri diqqət mərkəzində olmalıdır. Onların problemlərinə ciddi şəkildə baxılmalı, tibb işçiləri ilə bağlı ədalətə riayət edilməlidir”.

Həzrət Ayətullah Xamenei səhiyyə nazirinin kiçik tibb işçilərinin həkim kadırından ayrı bir kimliklə tanıtdırılmasına əsaslanan proqramla bağlı sözlərini təsdiq edərək dedi: “Təbii ki, tibb işçisi və həkim bir-birlərinə rəqib deyillər. On minlərlə kiçik tibb işçisi ixtisası üzrə təhsil alan tələbələrin olduğunu nəzərə alaraq təhsil məsələləri, habelə kiçik tibb işçilərinin ölkə səviyyəsində ədalətli şəkildə paylanması səviyyəsi, onların gəlir və maaşları ilə bağlı yaxşı idarəetmə və proqramlaşdırma yaratmaq lazımdır”.

O, habelə məsul şəxslərə səslənərək xəstəxanalarda şəriət qanunlarına riayət edilməsi məsələsinin zəruriliyini vurğuladı.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən səhiyyə, müalicə və tibb təhsili naziri cənab doktor Nəməki sanitar işinin ən mühüm xüsusiyyətinin xalqa xidmətə sevgi olduğunu dedi. O, kiçik tibb işçilərinin xalqa göstərdiyi xidmətlər, o cümlədən qan təzyiqinə nəzarət, təhlükəli qripin qarşısının alınması, habelə ilin əvvəlindəki sel zamanı göstərdikləri xidmətlərlə bağlı hesabat verərək dedi: “Kiçik tibb işçilərinin dayandırılmış tələblərinin mühüm bir hissəsi ödənilib. Gələn aya qədər bu tələbləri sıfra çatdıracağıq”.

9 min kiçik tibb işçisinin işə götürülməsi və kiçik tibb işçilərinin həkim kadırından müstəqil bir kimliklə tanınması məsələsinin ilin sonun qədər, yeni ödəmə sisteminin yaradıllıb işə salınmasının isə gələn aya qədər sona yetəcəyi ilə bağlı verilmiş məlumat səhiyyə, müalicə və tibbi təhsil nazirinin bu görüşdə kiçik tibb işçilərinə verdiyi xəbərlərdən oldu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /