Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqların ən ümdə problemi öz bacarıq və qabiliyyətlərindən məlumatsız olmalarıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin nailiyyətlərini əks etdirən sərgiyə 2 saat müddətində baxış keçirdi.

Sərgidə Keşikçi Korpusun Aerokosmik Qüvvələrinin pilotsuz təyyarələrin dizaynı və istehsalı, dəniz donanması əleyhinə raket sistemləri, ballistik raket sistemləri və raket müdafiə sistemləri, digər müxtəlif müdafiə sistemləri və radar çeşidləri, komandanlıq-nəzarət mərkəzləri sahəsində əldə etdiyi nailiyyətlər nümayiş olunurdu.

Ali Baş Komanın baxış keçirdiyi ilk salon Keşikçi Korpusun Aerokosmik Qüvvələrinin pilotsuz təyyarələrin dizaynı və istehsalı ilə bağlı uğurlarını əks etdirirdi. Sərginin bu hissəsində iranlı mütəxəssislər tərəfindən dizayn və istehsal edilmiş “Şahid 121”, “Şahid 125” və “Şahid 129” pilotsuz təyyarələri, idarəetmə və nəzarət sistemləri, pilotsuz təyyarələrin mühərrikləri təqdim olunurdu.

Sərginin digər bir mühüm hissəsində ABŞ-a məxsus, İran hərbi qüvvələri tərəfindən ələ keçirilmiş, ən müasir və radarlardan yayınma qabiliyyətinə malik “RQ170” pilotsuz təyyarəsi və onun İran istehsalı olan modeli nümayiş olunurdu. Keşikçi Korpusun Aerokosmik Qüvvələrində çalışan mütəxəssislər iki ilə yaxın müddətdə Amerikanın ən müasir “RQ170” pilotsuz təyyarəsinin oxşar nümunəsini yaratmağa müvəffəq olublar. Mütəxəssislər sərgiyə baxış keçirən Ali Məqamlı Rəhbərə bu ultra-müasir pilotsuz təyyarənin rekonstruksiya mərhələləri, onun mühüm hissələrinin sxemi, o cümlədən hədəflər haqqında toplanmış məlumatların işlənmə prosesi, istifadə olunan peyk rabitə şəbəkəsinin tanınması, radarların müəyyən edilməsi, analizi və onlardan yayınma mexanizmi, ələ keçirilmiş təyyarə əsasında uçuşu idarə və nəzarət edən kompüter proqramı ilə bağlı məlumatın əldə edilməsi və yenidən  qurulması, təyyarənin mühərrikinin təmiri və yenidən işə salınması və s. haqda məlumat verdilər.

Ali Baş Komandanın baxış keçirdiyi ikinci stend Keşikçi Korpusun Aerokosmik Qüvvələrinə məxsus, qurudan qurudakı hədəfləri vuran raketlərlə bağlı idi. Bu stenddə müxtəlif çeşidli dəniz donanması əleyhinə və ballistik raket sistemləri, ideyasından tutmuş konstruksiyasına qədər bütün istehsal mərhələləri İran mütəxəssislərinə aid olan “Zilzal”, “Xəlice-Fars”, “Zilzale-bareşi”, Hürmüz 1” və “Hürmüz 2”, “Kruiz”, “Fəcr 5”, “Şimşək 301” və “Secil” raketləri təqdim olunurdu.

Bu gün həmçinin Həzrət Ayətullah Xameneinin iştirakı ilə layihə və konstruksiyası tamamilə daxili mütəxəssislərə aid olan “3 xordad” müdafiə sisteminin açılışı oldu. Layihə və konstruksiya işləri il yarım çəkmiş bu müdafiə sistemi 50 kilometr uzağa vurma, eyni vaxtda 4 hədəfi izləmə və 8 raketə atəşə açma qabiliyyətinə malikdir.

Keşikçi Korpusun Aerokosmik Qüvvələrinin sərgidə təqdim olunan digər nailiyyətləri sırasında “Tibs” müdafiə sistemi”, komandanlıq-nəzarət mərkəzi, “Şimşək 1” və “Şimşək 2” müdafiə sistemləri və müxtəlif çeşidli radarlar da yer alırdı.

Ali Məqamlı Rəhbər həmçinin müxtəlif çeşidli radarlar, o cümlədən “Bəşir” və “Kaveş” radarları, komandanlıq-nəzarət və elektron müharibə mərkəzləri ilə də tanış oldu.

Sərgiyə baxış keçirdikdən sonra Ordu və Keşikçi Korpusun yüksək rütbəli zabitlərindən, habelə Korpusun Aerokosmik Qüvvələrinin komandan və mütəxəssislərindən bir qrupu qarşısında çıxış edən Ali Məqamlı Rəhbər bugünkü sərginin onun üçün çox ürəkaçan və unudulmaz olduğunu qeyd edərək dedi: “Bu sərgidən çıxarılan ən mühüm nəticə budur ki, İran xalqı düşmənin ona qadağa            qoyduğu çətin və mürəkkəb meydanlara daxil olmaq üçün kifayət qədər bacarıqlı və istedadlı olduğunu sübuta yetirib”.

O, əlavə etdi: “Bu sərgi biz rəsmilərin hamısına daxili güc və bacarıq mesajı verərək elan edir ki, “Biz bacaracağıq!”.

Bəzi rəsmilərin daxili güc və bacarıq mesajlarına ciddi diqqət yetirməməyindən narazılığını ifadə edən Həzrət Ayətullah Xamenei  dedi: “Təəssüf ki, bəzi sferalarda rəhbər kadrlarımız bu mesajı dərk etmirlər”.

“İstedad, bacarıq və əzm güc və iqtidarın ən mühüm elementləridir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ötən illər ərzində hansı sferaya diqqət yönəldib, əzmkar insanlarımızın əzmini həmin istiqamətə yönəltmişiksə, istədiyimiz nəticəni almışıq”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mən həmişə xarici siyasətdə yeni-yeni təşəbbüslərin, müzakirələrin tərəfdarı olmuşam, bu gün də tərəfdarıyam, rəsmilərə də tövsiyəm daim bu olub ki, xarici siyasətdə, beynəlxalq münasibətlərdə əllərindən gələn səy və təşəbbüsləri göstərsinlər. Lakin ölkənin ehtiyacları və sanksiyalar kimi bəzi məsələlər müzakirələr nəticəsində düyünə düşməməlidir”.

O həmçinin vurğuladı: “Rəsmilər sanksiya məsələsini başqa bir yolla həll etməlidirlər”.

“Keşikçi Korpusun Aerokosmik Qüvvələrinin nailiyyətlərini əks etdirən bu sərgi İran xalqının istedad və bacarığına, əzmkar insanların əzminin bir istiqamətə yönəldilməsinə, ölkəmizin inkişaf etmək qabiliyyətinə əməli nümunədir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Biz bilməliyik ki, bacaracağıq!”

Xalqların ən ümdə probleminin öz bacarıq və qabiliyyətlərindən məlumatsızlıq olduğunu deyən Həzrət Ayətullah Xamenei  aşağıdakıları vurğuladı: “İslam İnqilabının qələbəsinə qədər İran xalqının problemi bu idi ki, nəyə qadir olduğunu, nələrin öhdəsindən gələ biləcəyini bilmirdi. Xalqımızın nələr edə biləcəyini bəziləri elə bu gün də bilmirlər”.

Ali Məqamlı Rəhbər Silahlı Qüvvələrin gənc və təşəbbüskar kollektivinin ölkənin bütün digər sferaları üçün nümunə olduğunu bildirərək dedi: “Biz iqtisadiyyat sahəsində də öz daxili güc və potensialımıza söykənərək bir çox problemləri aradan qaldıra bilərik. Daha öncə təcrübədə bunun şahidi olmuşuq”.

İİR əleyhinə aparılan düşmənçiliyin əsl səbəbinin İran xalqının müstəqilliyi, İslama və Qurana bağlılığı olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam dini və Quran müsəlman xalqlarını öz ayaqları üzərində durub müstəqil olmağa, öz insani heysiyyətinə və müsəlman kimliyinə arxalanmağa, Uca Yaradana qarşı nikbin olmağa, beynəlxalq arenadakı hegemon və qarətçi dövlətlər qarşısında təslim olmamağa çağırır. Deməli, nə qədər ki İran xalqı İslam dininin, Quranın və qarşısına qoyduğu ali hədəflərin üzərində təkidlə durub, imperializm cəbhəsinin düşmənçiliyi davam edəcək”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “İmperializm cəbhəsi İran xalqını diz çökdürüb geri çəkilməyə məcbur etməyə çalışır, lakin heç şübhəsiz, bu məqsədinə nail ola bilməyəcək”.

İranla aparılan danışıqlarda Qərb tərəfin ağlasığmaz və məntiqsiz bəyanatlarla çıxış etdiyini qeyd edən Həzrət Ayətullah Xamenei özəlliklə ölkənin raket imkanlarının məhdudlaşdırılması məsələsi üzərində duraraq dedi: “Onlar İranı daim hərbi hücumla təhdid etdikləri halda, ölkənin raket proqramının məhdudlaşdırılmasını istəyirlər. Məhz ona görə də onların bu təklifi ağılsız və alçaq bir təklifdir”.

“Qarşı tərəfin məntiqsiz davranışları onların İran xalqı qarşısında qəti məğlubiyyətindən xəbər verir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Keşikçi Korpusun Aerokosmik Qüvvələri öz fəaliyyət proqramlarını və işlərini diqqətlə həyata keçirərək daha da irəli aparmalı və hazırkı səviyyə ilə qane olmamalıdır”.

Həzrət Ayətullah Xamenei həmçinin qeyd etdi ki, Aerokosmik Qüvvələr öz istehsalatını kütləvi istehsal səviyyəsinə çatdırmalıdır. O, əlavə etdi: “Bu, bir vəzifədir və hərbi sferanın bütün rəsmiləri bu istiqamətdə səy göstərməlidirlər. Həmçinin hökumət rəsmiləri də bu məsələnin dəstəklənməsini öz başlıca vəzifələrindən biri hesab etməlidirlər”.

Ölkə ilə yanaşı, onun düşmənlərinin də irəliləyişlər etdiyini deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İşləri elə qurmaq lazımdır ki, inkişaf baxımından aramızdakı məsafə azalsın, bu məsafənin az olduğu sferalarda isə irəli keçib onları qabaqlayaq”.

Çıxışının sonunda Ali Baş Komandan bir məqamı da vurğuladı ki, daxili istedada söykənib mövcud imkan və potensialı fəallaşdırmaqdan əlavə, Uca Yaradandan da yardım gözləmək lazımdır, Allahdan kömək və istiqamətləndirmə istəməyin əhəmiyyətini heç vaxt unutmaq olmaz.

Ali Məqamlı Rəhbərin çıxışından öncə İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı general Hacızadə Aerokosmik Qüvvələrin raket, pilotsuz təyyarə, hava hücumundan müdafiə və radar sistemləri, komandanlıq-nəzarət mərkəzləri və s. sahələrdə əldə etdiyi nailiyyətlər haqqında məlumat verərək dedi: “Keşikçi Korpusun Aerokosmik Qüvvələrində fəaliyyət göstərən mütəxəssislər sanksiyalara, texnoloji və maddi-texniki əngəllərə qalib gəliblər. Belə ki bu gün İran İslam Respublikası raket qabiliyyətinə görə region üzrə 1-ci, dünya üzrə isə 7-ci yerdədir”.

O vurğuladı: “Bugünkü sərgi İslam dini və ölkəmizin keşiyində duranların imkanlarının yalnız kiçik bir hissəsini nümayiş etdirirdi. Düşmən istənilən xəta və yanlışlığa yol versə, ona yaddan çıxara bilməyəcəyi bir formada dərs veriləcək”.

General Hacızadə həmçinin dedi: “Hərbi sferada Silahlı Qüvvələr Ali Baş Komandanın tədbirlərindən bəhrələnərək sanksiyalardan uğurla keçə bildi. Ümidvarıq ki, müqavimət iqtisadiyyatına aidiyyəti olan  digər rəhbər işçilər və sıravi kadrlar da bu uğurlu metodları nümunə götürərək düşmənin sanksiya və təhdidlərinə qalib gələ biləcəklər”.

Qeyd edək ki, Ali Məqamlı Rəhbər İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin Komandanlıq Qərargahına daxil olduğu ilk dəqiqələrdə adsız şəhidlərin məzarlarını ziyarət edərək Müqəddəs Müdafiə şəhidləri üçün “Fatihə” oxudu və Uca Yaradandan ilahi dərgahda onlara ali dərəcələrin nəsib olmasını dilədi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /