Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dövlət məktəblərinin keyfiyyətini artırmaq vacibdir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər təhsil naziri, nazirin müavinləri, nazirliyin şöbə müdirləri və rəhbər işçiləri ilə vidoe bağlantı vasitəsilə təşkil edilmiş otuz dördüncü təhsil konfransı tədbirində gigiyenik qaydalara əməl edərək İmam Hüseynə eşq və coşqu ilə matəm saxladığına və böyük mənəvi hərəkat yaratdığına görə xalqa səmimi qəlbdən təşəkkür etdi. Müəllimləri ölkənin inkişaf ordusunun zabitləri adlandıran İnqilabın Rəhbəri vurğuladı ki, bu qurumda mömin, ağıllı, düşünən, alim və İslam əxlaqına malik insanlar tərbiyə edib yetişdirmək çox mühüm əhəmiyyət daşıyır: “Təhsilin islahatı sənədi düzgün izah edilməklə və əhatəli əməli proqramlar tənzimlənərək icraya verilməklə bu cür fərdlərin tərbiyə olunmasına zəmin yarada bilər”.

O, İmam Səccadın (ə) şəhadətinin ildönümü münasibətilə başsağlığı verdikdən sonra Həzrət Zeynəb (s.ə) və İmam Səccadın (ə) əzəmətli hərəkatının sözün həqiqi mənasında qiyam olduğunu dedi: “İmam Hüseynin (ə) Kərbəladakı Aşura qiyamından sonra Zeynəbin qiyamı Aşura hadisəsi və Həzrət Seyyidüşşühədanın şəhadətinin ayrı-ayrı yönlərini bəşəriyyət üçün əbədiləşdirdi”.

İnqilabın Rəhbəri xalqın builki məhərrəm ayının ilk onhünlüyündəki matəm mərasimlərinin ölkə tarixinin tapıntısı olduğunu dedi: “Korona ilə bağlı mövcud olan ciddi məhdudiyyətlərin olmasına baxmayaraq, əhali, xətiblər və mərsiyəxanlar İmam Hüseynin sevgisini qorumaqla, böyük və mənəvi məclislər təşkil etməklə yanaşı, qaydalara əməl etdilər. Buna görə bir Əhli-beyt müridi kimi bütün əzizlərə səmimi qəlbdən təşəkkür edirəm”.

Həzrət Ayətullah Xamenei son bir neçə ay ərzində çəkdikləri zəhmətlərə görə təhsil kompleksinə və verdiyi yaxşı hesabata görə nazirə təşəkkür etdi: “Korona yayıldıqdan sonra bu kompleksin həyata keçirdiyi proqram və tədbirlərin analoqu yox idi. Çünki bu sahədə təcrübəmiz yox idi. Buna görə hər kəsə təşəkkür edirəm”.

O, çıxışının əsas hissəsində bütün dünyada mövcud olan təhsil sisteminin məntiq və məqsədinin layiqli insan tərbiyə etmək olduğunu dedi: “Əlbəttə, ayrı-ayrı məktəblərə əsasən, layiqli insanla bağlı müxtəlif təriflər verildiyini nəzərə alsaq, təhsil və təlim-tərbiyənin növü də bir-birindən fərqlənir”.

İnqilabın Rəhbəri əlavə etdi: “İslam dövlətində uşaqlar, yeniyetmələr və gənclərin 12 illik təlim-tərbiyəsinin hasili və nəticəsi mömin, ağıllı, mütəfəkkir, düşünən, alim, nizam-intizamlı, insaflı, İslam əxlaqına malik, bir sözlə, mücahid və əməl əhli olan insanlar tərbiyə edib yetişdirməkdir”.

Həzrət Ayətullah Xamenei “Bu cür insanlar yetişdirmək üçün təhsil sistemi hansı xüsusiyyətlərə malik olmalıdır?” kimi bir sual ünvanlayaraq əlavə etdi: “İnsan tərbiyə edilməsinin məqsəd və məntiqini reallaşdırmaq üçün təhsil və təlim-tərbiyə sisteminin böyük bir mədəni ordu kimi möhkəm bazaya və fundamental islahata ehtiyacı var”.

İnqilabın Rəhbəri təhsil islahatı sənədinin tənzimləndiyi vaxtdan 9 il keçdiyinə işarə edərək dedi: “Bu sənəddə makrohədəflər və ümumi strategiyalar müəyyən edilmişdir. Buna görə də siyasətlər əsasında icra proqramı tənzimlənməlidir”.

O əlavə etdi: “Sənədin icra proqramı müxtəlif hökumətlərin səylərinin olmasına baxmayaraq, hələ də tam şəkildə tənzimlənməmişdir. Ali Təhsil Şurası və onun makro rəyasət heyəti bu vəzifəni həyata keçirməlidir”.

İnqilabın Rəhbəri islahat sənədinin yekun baxışdan sonra mərhələli düzəlişinin islahat sənədinin tələbi və Mədəni İnqilab Ali Şurasının vəzifəsi olduğunu dedi: “Təhsil işləri üzrə məsul şəxslər bu məsələni nəzarətə götürsünlər”.

O, islahat sənədinin əhatəli icra proqramında zaman təsnifatı və inkişaf parametrlərinin təyin edilməsinin zəruri olduğunu dedi: “Əhatəli proqram qətiyyətli olmalı və islahat sənədinin bütün məqsədlərini əhatə etməlidir”.

Həzrət Ayətullah Xamenei islahat sənədinin düzgün izah edilməsinin də əhəmiyyətli olduğunu dedi: “İslahat sənədi bütün təhsil səviyyələri üçün aydın və maraqlı şəkildə izah edilməlidir ki, bütün rəhbər və müəllimlər onun dəqiq icrasında maraqlı olsunlar”.

Müəllimlərin təhsilin böyük mədəni sisteminin təyinedici faktorları olduğunu deyən İslam İnqilabının Rəhbəri məüllimlərin rolu və statusunun qorunmasının zəruri olduğunu vurğuladı: “Müəllimlər sözün həqiqi mənasında ölkənin inkişaf ordusunun zabitləridirlər. Onların mövqe və statuslarının qorunması ilk növbədə onların öz üzərinə düşür. Hər bir müəllim özünün gələcəyin qurucusu olduğunu hiss etməlidir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Təhsil Nazirliyi də müəllimlərin mövqe və statuslarını qorumalıdır. Bu məqsəd parlament, Proqram və Büdcə kimi aidiyyatı qurumların köməyi ilə həyata keçirilməlidir”.

O vurğuladı: “Təhsilə baxış istehlakçı yox, infrastruktur qurum baxışı olmalıdır. Təhsilə çəkilən xərc infrastruktur sahələrə qoyulan investisiya kimi nəzərdə tutulmalıdır”.

İslam İnqilabının Rəhbəri cəmiyyətdə məüllimlərə hörmət və ehtiram göstərilməsi ənənəsinin təbliği istiqamətində mədəniləşmə işlərinin aparılmasının cəmiyyətin bu mühüm sinfinin mövqeyi və statusunun qorunmasında rol oynayan üçüncü amil olduğunu dedi: “Mədəni qurumlar, xüsusilə teleradio bu sahədə çox mühüm rol oynayır. Bu vacib iş davamlı və yaradıcı şəkildə həyata keçirilməlidir”.

Həzrət Ayətullah Xamenei müəllimin yetişdirilməsinin çox mühüm məsələ olduğunu dedi və iki universitetə, yəni Müəllimlər və Şəhid Rəcai universitetlərinə işarə edərək dedi: “Elə bir proqramlaşdırma müəyyən edilməli və elə bir baza yaradılmalıdır ki, ölkənin bütün müəllimləri təhsil sahəsinə yalnız bu iki universitetin xətti ilə daxil olsunlar. İslami Şura Məclisi də layihələrin təsdiqi zamanı elə davranmalıdır ki, bu iki universitetin xəttindən kənar təhsil sisteminə giriş edilməsin”.

O, müəllimlərin cəlb edilməsi sahəində dini, əxlaqi və siyasi səlahiyyətlərin nəzərə alınmasının zəruri olduğunu vurğuladı: “Müəllimlərin cəlb edilməsində düzgün və və ağıllı bir seçim həyata keçirilməlidir, keyfiyyətsiz bir qüvvənin təhsil sisteminə daxil olmasına imkan vermək olmaz”.

İslam İnqilabının Rəhbəri təhsil ədaləti məsələsinə də toxunaraq dedi: “Təhsil ədaləti və ölkənin bütün regionlarında, xüsusilə ucqar rayonlarda şagirdlərin öz münasib paylarından faydalanması, məhrum regionlarda parlaq istedadların müəyyən edilib tərbiyə olunması ilə bağlı dəfələrlə söhbət edilmişdir. Hal-hazırda virtual təhsil aktual olduğu bir vaxtda təhsil ədaləti məsələsi keçmişdəkindən daha həssas xarakter almışdır”.

Həzrət Ayətullah Xamenei virtual təhsildən istifadə etmək üçün ehtiyac duyulan vasitələri almaq üçün imkanı olmayan ailələrə işarə edərək dedi: “Teleradio şirkəti təhsil proqramları vasitəsilə virtual təhsildən istifadə imkanının olmaması boşluğunun bir hissəsini doldurmalıdır”.

O qeyd etdi ki, təhsil ədaləti ilə bağlı olan məsələlərdən biri dövlət məktəbləri məsələsidir: “Təhsil və təlim-tərbiyə baxımından dövlət məktəblərinin səviyyə və keyfiyyəti elə bir həddə olmalıdır ki, şagirdlər bu məktəblərin verdiyi təhsillə imtahanlara qəbul olunma imkanlarının aşağı olduğunu düşünməsinlər. Ailələr də övladlarını sığınacaqsız bir yerə göndərdiklərini güman etməsinlər”.

İslam İnqilabının Rəhbəri virtual təhsil və onun ehtimal edilən bəzi ziyanlarından danışaraq dedi: “Çat şəbəkəsinin işə salınması çox yaxşı bir addımdır. Amma virtual təhsil şagirdin virtual məkanların zərərləri, əxlaqi və dini təhlükələrə məruz qalmasına səbəb olmamalıdır”.

O, təhsilin təlim-tərbiyə yönünə işarə edərək bu məsələ ilə bağlı dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, təlim-tərbiyə fəaliyyətlərinə az diqqət ayrılmasından və bu sahədə geriliyin olmasından gileyləndi: “Virtual təhsil fəaliyyətini nəzərə alsaq, təlim-tərbiyə fəaliyyətləri üçün yeni metodlar müəyyən edilməlidir ki, bu məsələ diqqətdən kənarda çox qalmasın”.

İslam İnqilabının Rəhbəri Parlaq İstedadların yetişdirilməsi məktəbləri və ya Parlaq İstedadların Yetişdirilməsi Milli Təşkilatının təhsil və təlim-tərbiyənin əsas və mühüm məsələlərindən olduğunu dedi. O, Parlaq İstedadların Yetişdirilməsi Milli Təşkilatının məktəbləri ilə bağlı qərarın təbliğində yubanmanın olduğuna işarə edərək parlaq istedadların müəyyən edilb yetişdirilməsi məsələsinin ciddiyə alınmasının zəruri olduğunu dedi: “Ölkənin olimpiadalardakı yeri də yaxşılaşdırılmalı və yüksəldilməlidir. Çünki son illər biz üstünlük əldə etməmişik”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında uşaq bağçaları və məktəbəqədər təhsilin vəziyyətindən danışaraq bəzi dövlət qurumlarının ixtilafları ucbatından uşaq bağçalarının buraxılmasından təəssüf hissi keçirdiyini dedi: “Əldə edilən məlumatlara görə uşaq bağçalarının vəziyyəti qətiyyən yaxşı deyil. Uşaq bağçalarına xidmət mərkəzləri kimi yox, mühüm təhsil və təlim-tərbiyə mərkəzləri kimi baxmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei qərb həyat tərzini təlqin etmək məqsədilə qərblilərin ölkələrin təhsil sisteminə nüfuz göstərməkdə israrlı olduqlarına işarə edərək 2030 saylı sənədin və regionun bəzi ölkələrinin təhsil və təlim-tərbiyə sahəsinə nüfuz etməsini buna misal göstərdi: “Bu gün Qərbin sosial fəlsəfəsi Qərbin özündə iflasa uğrayıb və onun fəsad dolu təzahürləri Hollivuddan Pentaqona qədər açıq şəkildə müşahidə edilir”.

İslam İnqilabının Rəhbəri düşmənin nüfuzu qarşısında diqqətli olmağın zəruriliyini vurğulayaraq dedi: “Düşmən hərbi vasitə ilə görə bilmədiyi işi nüfuz və 2030 sənədi kimi yollarla etmək, xalqları qarət etmək üçün onun kimi düşünən və məqsədlərini həyata keçirən insanlar yetişdirmək istəyir”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda Birləşmiş Ərəb Əmirliklərinin sionist rejimlə əlaqələrin sadələşdirilməsi istiqamətində atdığı addımın İslam və ərəb dünyasına, region dövlətlərinə və mühüm əhəmiyyət daşıyan Fələstin məsələsinə bir xəyanət olduğunu dedi: “Təbii ki, bu vəziyyət uzun sürməyəcək. Ancaq onun utanc verici ləkəsi Fələstinin qəsb edilməsini və Fələstin xalqının ev-eşiyindən didərgin salınmasını unudaraq sionistlərin ayağını regiona açan insanların alnında əbədi qalacaq”.

O, BƏƏ-nin sionist rejimi və mənfur sionist ünsürlərinin ABŞ-ın rəyasət heyətində İslam və regionun maraqlarına qarşı atdığı qəddarcasına addımda onunla əməkdaşlıq etməsindən təəssüf hissi keçirdiyini dedi: “Ümidvaram ki, əmirliklər daha tez ayılacaq və bu günahlarını yuyacaqlar”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən təhsil və təlim-tərbiya naziri cənab Hacı Mirzayi nazirliyin fəaliyyətləri ilə bağlı hesabat verdi: “Qavrama paketi və kontentinin yaradılması, müəllimin işə cəlb edilməsi siyasəti, hər bir şagirdin bir məharət kimi nəzərdə tutulması, müəllimlərin maaşlarının artırılması, 43 min müəllimin mənzillə təmin edilməsi prosesinə start verilməsi, müəllimlər universitetlərinin imkanlarının artırılması Təhsil və Təlim-Tərbiyə Nazirliyinin proqram və tədbirlərindəndir”.

Cənab Hacı Mirzayi korona hadisəsi zamanı Təhsil Nazirliyinin göstərdiyi fəaliyyətin sürətinin münasib olduğunu dedi: “Korona pandemiyasından bir həftə sonra teledərs proqramını, ondan təqribən bir ay sonra çat şəbəkəsini işə saldıq. Yeni təhsil ilində də bütün şagirdlərin təhsil imkanından yararlanacağına zəmanət veririk”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /