Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İğtişaş planlaşdırılmışdı; Düşmənçilik müstəqil və güclü İranladır

Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Silahlı Qüvvələrin Hərbi Akademiyalarının tələbələrinin müştərək buraxılış mərasimində etdiyi mühüm çıxışı zamanı son günlər baş verən hadisələrə toxundu: “Açıq şəkildə deyirəm, bu hadisələr ABŞ, sionist rejimi və onların müti davamçılarının planıdır. Onların əsl problemi güclü və müstəqil İranla, dövlətin inkişafı ilədir. İran xalqı bu hadisələrdə tamamilə güclü göründü. Gələcəkdə də lazım olduqda şücaətlə meydana daxil olacaq”.

İslam İnqilabının Rəhbəri meydana daxil olduqdan sonra ilk olaraq adsız şəhidlərin məzarlarını ziyarət edib “Fatihə” surəsi oxudu və ardınca İslam və İranı müdafiə etmiş igidlərə və qəhrəmanlara salam göndərdi.

Ali Baş Komandan daha sonra meydanda düzülmüş hərbi bölmələrə baxış keçirdi. İslam İnqilabının Rəhbəri mərasimdə etdiyi çıxışı zamanı ölkədə baş verən son hadisələrlə bağlı mühüm fikirlər səsləndirdi: “Bu hadisələrdə hər kəsdən çox ölkənin hüquq-mühafizə orqanına, Bəsicə və İran xalqına zülm olundu. Əlbəttə, İran xalqı bu hadisədə də digər hadisələrdə olduğu kimi, özünü tam güclü şəkildə göstərdi. Gələcəkdə də belə olacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Gələcəkdə də düşmənlərin təxribat törədəcəkləri hər yerdə sinəsini hər kəsdən çox sipər edən mömin və şücaətli İran xalqı olacaq”.

O, İran xalqının öz mövlası Həzrət Əmirül-möminin Əli (ə) kimi məzlum, eyni zamanda güclü olduğunu dedi: “Baş verən bu hadisədə gənc bir xanım dünyasını dəyişdi və ölümü ilə ürəyimizi yandırdı. Amma bu hadisəyə araşdırma aparılmadan, heç bir qəti məlumat olmadan reaksiya verilməsi, bir dəstənin küçələrə tökülüşüb asayişi pozması, Quranı yandırması, hicablı bir qadının başından hicabını dartıb çıxarması, məscid, hüseyniyə və camaatın avtomobillərinə od vurması normal və təbii bir reaksiya deyildi”.

İslam İnqilabının Rəhbəri bu iğtişaşın planlaşdırıldığını vurğuladı: “Əgər bu gənc qızla bağlı hadisə baş verməsəydi belə, bu il mehr ayının əvvəlində ölkədə iğtişaş törətmək və qarışıqlıq salmaq üçün başqa bir bəhanə yaradacaqdılar”.

Həzrət Ayətulah Xamenei vurğuladı: “Mən açıq şəkildə deyirəm, bu iğtişaşlar və təxribatlar ABŞ-ın, qəsbkar və qondarma sionist rejiminin planı idi. Onların muzdurları və ölkə xaricində yaşayan bəzi xain iranlılar da onlara kömək etdilər”.

O əlavə etdi: “Bəzi adamlar hər hansı hadisənin düşmənin planı və işi olması fikrinin səsləndirilməsinə həssasdırlar. ABŞ-ın və sionistlərin casus təşkilatlarını müdafiə etmək üçün sinələrini sipər edir, xaricilərin işi olmadığını demək üçün müxtəlif təhlillər və səfsətələrdən istifadə edirlər”.

İslam İnqilabının Rəhbəri dedi: “Dünyada çoxlu iğtişaşlar baş verir. Avropada, xüsusilə Fransa və Parisdə zaman-zaman böyük iğtişaşlar olur. Amma bu vaxta qədər ABŞ prezidenti və ABŞ Nümayəndələr Palatası iğtişaşçıları dəstəkləyib bəyanat veribmi? “Sizin yanınızdayam!” – deyə mesaj veribmi? ABŞ kapitalizminə bağlı KİV-lərin və onların region dövlətləri, o cümlədən səudiyyəlilər kimi muzdurlarının bu ölkələrdəki iğtişaşları dəstəklədiyi görülübmü? İndiyə qədər amerikalılar: “Biz filan sərt və ya yumşaq internet proqramını iğtişaşçıların ixtiyarına veririk ki, rahat şəkildə əlaqə yaratsınlar”, - deyə elan veriblərmi?”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amma İranla bağlı bu dəstəklər dəfələrlə baş verib. Bəs necə olur ki, bəziləri xarici əli görmürlər və şüurlu insan bu hadisələrin arxasında başqalarının əlinin olduğunu hiss etmir?”

O vurğuladı ki, amerikalıların bir qızın ölümünə görə təəssüflənməsi yalandır. Onlar görünənin əksinə olaraq insident üçün bu bəhanəni tapdıqlarına görə sevinirlər: “Ölkədə üç qurumun rəhbərləri təəssüf hissi keçirdilər. Məhkəmə hər hansı müqəssirin olub-olmadığını və müqəssirin kim olduğunu müəyyən etmək üçün bu mövzunu sona qədər izləyəcəyini söz vermişdir. Araşdırma budur. İndi böyük bir xidmətçi idarənin və kompleksin hər hansı ehtimal edilən bir xətaya görə ittiham edilməsinə necə yol verilir? Bu işin arxasında heç bir məntiq yoxdur. Bu işi törədən yalnız və yalnız casus təşkilatları və kinli xarici siyasətçilərdir”.

İslam İnqilabının Rəhbəri: “Xarici dövlətlərin ölkədə iğtişaş və qarışıqlıq yaratmaqda məqsədləri nədir?”, - deyə bir sual ünvanlayaraq əlavə etdi: “Onlar ölkənin hərtərəfli güc və qüdrət istiqamətində inkişaf etməkdə olduğunu hiss edirlər. Bunu həzm edə bilmirlər”.

Həzrət Ayətullah Xamenei ölkənin bütün sahələrdə inkişafının sürətlənməsinə, bəzi köhnə düyünlərin açılması üçün səy göstərilməsinə, istehsal və elm əsaslı sahələrin fəallaşmasına və ölkənin sanksiyaları təsirsiz etmək gücündə olduğuna işarə edərək vurğuladı: “Onlar ölkədə sözügedən inkişafların əldə edilməsini istəmirlər və bu hərəkəti durdurmaq, universitetlərin fəaliyyətini dayandırmaq, kiçələrdə asayişi pozmaq, məsul şəxslərin ölkənin şimal-qərb və cənub-şərqində meydana gəlmiş yeni propblemlərin həllində çıxılmaz vəziyyətə düşməsi üçün plan hazırlayıblar”.

O vurğuladı ki, düşmən ölkənin şimal-şərq və cənub-qərbi ilə bağlı hesablamalarında səhvə yol verib: “Mən bəluçların arasında yaşamışam. Onlar İslam Respublikasına dərindən sadiqdirlər. Kürdlər də İranın ən mütərəqqi millətlərindəndirlər; vətəni, İslamı və dövləti sevirlər. Buna görə də düşmənlərin planı baş tutmayacaq”.

İslam İnqilabının Rəhbəri dedi: “Düşmənlərin planları və tədbirləri onların batinlərini göstərir. Bu, diplomatik açıqlamalarda: “Bizim İrana hücum etmək, dövləti dəyişmək və düşmənçilik etmək kimi bir niyyətimiz yoxdur”, - deyən bir düşməndir. O, belə bir batinə malikdir; iğtişaş planının ardınca ölkədə asayişi pozmaq, bəzi həyəcanlı hadisələrlə təşvişə düşə bilən insanları təşvişə salmaq istəyir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ABŞ təkcə İslam Respublikasına deyil, güclü və müstəqil İrana da müxalifdir: “Onlar sağmal inək kimi əmirlərinə müti olan Pəhləvi dövrünün İranını istəyirlər”.

O dedi: “Son hadisələrin səhnə arxasında bu hegemonlar dayanıblar. Dava gənc bir qızın ölməsi və ya hicab və hicabsızlıq davası deyil. Kamil hicabı olmayan çoxlu sayda insan İslam Respublikasının ciddi tərəfdarlarındandır və müxtəlif mərasimlərdə iştirak edir. Dava İran İslam dövlətinin müstəqlliyi, müqaviməti, güclənməsi və iqtidarı üstündədir”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında bir neçə məsələyə toxundu: “Küçələrdə iğtişaş və təxribata qoşulan insanların hamısı eyni kateqoriyanın adamları deyil. Onların bəzisi hər hansı internet proqramının yaratdığı həyəcanın təsiri altında küçələrə çıxmış gənc və yeniyetmələrdir. Bunları tənbeh edib səhvə yol verdiklərini başa salmaq olar”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ümumilikdə, küçələrə çıxmış insanların hamısı İran xalqı, mömin və qeyrətli gənclərlə müqayisədə çox azdır: “Əlbəttə, küçələrə çıxmış bu adamların bəzisi İslam Respublikasından zərbə almış münafiqlər, separatçılar, monarxistlər və mənfur SAVAK ailələri kimi ünsürlərin qalıqlarındandır. Məhkəmə təxribatlarda iştiraka və küçələrdə asayişin pozulmasına uyğun bir şəkildə onlara cəza təyin edib hökm oxumalıdır”.

İslam İnqilabının Rəhbərinin toxunduğu başqa bir məsələ hadisənin ilk baş verdiyi günlərdə bəzi xüsusi adamların tutduqları mövqelərlə bağlı oldu.

Həzrət Ayətullah Xamenei dedi: “İşin əvvəlində bəzi xüsusi adamlar araşdırma aparmadan, ehtimal ki, şəfqət və mərhəmət üzündən bəyanat və açıqlamalar verdilər. Onların bəzisi hüquq-mühafizə orqanını, bəzisi də ümumilikdə dövləti ittiham etdi. İndi ki, məsələnin mahiyyətini və onların səsləndirdikləri fikirlərin düşmənlərin planlarına uyğun olaraq küçələrdə hansı hadisələrin baş verməsinə səbəb olduğunu gördülər, öz səhvələrini düzəltsinlər, baş verənlərə və xarici düşmənin planına müxalif olduqlarını elan etsinlər”.

O əlavə etdi: “Amerikalı bir siyasi ünsür bu hadisələri Berlin divarına bənzədirsə, o zaman məsələnin mahiyyətini anlamaq lazımdır. Əgər başa düşməmisinizsə, indi başa düşün və açıq mövqe bildirin”.

İslam İnqilabının Rəhbəri habelə idman və incəsənət sahəsinin bəzi simalarının mövqeələrinə işarə edərək dedi: “Mənim nəzərimcə, bu mövqelərin heç bir əhəmiyyəti yoxdur. Onlarla bağlı həssaslıq göstərilməməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bizim incsənət və idman sahəsinin adamları sağlamdır. Bu sahədə mömin və şərəfli insanlar az deyil. Bir neçə nəfərin mövqeyinin heç bir dəyəri yoxdur”.

O əlavə etdi: “Onların mövqelərinin cinayət tərkibinə malik olub-olmamasını müəyyən etmək məhkəmənin işdir. Amma ümumilikdə bu fərdlərin mövqeyinin elə bir dəyəri yoxdur. İncəsənət və idman camiəsi düşməni sevindirən bu mövqeləri ilə ləkələnməyəcək”.

İslam İnqilabının Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən Haqq yolunun şəhidlərinin, polis və Silahlı Qüvvələrin şəhid mənsublarının, təhlükəsizliyi müdafiə edən şəhidlərin, xüsusilə son hadisələrdə həyatlarını itirmiş şəhidlərin xatirəsini əziz tutdu.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində hər il minlərlə yüksək əhval ruhiyyəli universitet məzununun Silahlı Qüvvələrə yazılmasının ölkə üçün böyük bir qüdrətin müjdəçisi olduğunu göstərdiyini, ölkə üçün yenilənmə və möhkəmlənmə mesajı verdiyini dedi: “İranlı gənclərin ölkənin müxtəlif elmi, iqtisadi, siyasi və hərbi sahələrində yer alması, həqiqətən, ümidvericidir”.

Həzrət Ayətullah Xamenei bədxah düşmənlərin iranlı gənclərin dəyərlərdən qopduğunu, məsuliyyətsizliyi və ümidsizliyini ifadə edən təbliğatlarına işarə edərək dedi: “Gerçəklik bu təbliğatların tam əksidir. Gənc nəslin bütün sahələrdəki hərəkəti parlaq bir hərəkətdir”.

O, gənclərin vətənin müdafiəsi, ölkənin təhlükəsizliyi, müqavimət cəbhəsinə köməklik, hərəmin müqəddəs müdafiəsi hərəkatı, sosial xidmətlər, elmi nailiyyətlər, istehsal və innovasiya, əzəmətli “Ərbəin” və “Sağ qalanlar” yürüşü kimi dini yürüşlərdəki milyonluq iştirak, pandemiya ilə mübarizə, mömincəsinə yardımlar hərəkatı, mədəni cihad və təbii hadisələrdə yardım göstərilməsi istiqamətində oynadıqları mühüm rola işarə edərək dedi: “Meydanın bu yorulmaz və fəal gəncləri qətiyyən ümidsiz və dəyərlərdən qopuq deyillər. Əlbəttə, bu sahələrin və hərəkatların öndə gedənləri mömin gənclər olmuşdur”.

Silahlı Qüvvələrin milli istehkamın sütunlarından olduğunu deyən Ali Baş Komandan bu istehkamçı amilin gücləndirilməsinin zəruriliyini vurğuladı: “ABŞ kimi quldur və hegemon düşmənlə qarş-qarşıya olan İranımız üçün Silahlı Qüvvələrin gücləndirilməsinin ikiqat əhəmiyyəti vardır. Hərbi sahənin məsul şəxsləri yeni və müasir yanaşmalardan istifadə etməklə, bütün proqramlar, vasitələr və təchizatları ağıllı sistemə daxil etməklə, düşmənin hibrid müharibəsi qarşısında hibrid müharibənin mürəkkəb oyunlarının planlaşdırılması və elmi tədqiqatların gücləndirilməsindən istifadə etməklə ölkənin müdafiə gücünü artırmalıdırlar”.

O bildirdi ki, Silahlı Qüvvələrin əsas vəzifəsi fərdi və ümumi müstəvidə həyatın bütün yönlərinin infrastrukturu hesab edilən milli təhlükəsizliyi qorumaqdır: “Təhlükəsizlik olmadan heç bir sahədə inkişaf mümkün deyil”.

Həzrət Ayətullah Xamenei həm də onu əlavə etdi ki, təhlükə böyük dövlətlərdə, hamısından pis şəkildə isə ABŞ-da da mövcuddur. Məktəbə, ticarət mərkəzinə və restoranlara hücum edildiyini həmişə görürük.

İnqilabın Rəhbəri Silahlı Qüvvələrin ölkənin təhlükəsziliyini təmin etdiyini dedi: “Buna görə də Silahlı Qüvvələrin zəiflədilməsi ölkənin təhlükəsizliyinin zəiflədilməsidir. Polis bölməsinə və ya Bəsicin bazasına hücum edən və ya orduya və Sepaha tənə vuran adam ölkənin təhlükəsizliyinə hücum etmiş olur”.

O bildirdi ki, polisin vəzifəsi cinayətkarın qarşısını almaq və cəmiyyətdə asayişi qorumaqdır. Buna görə də polisi zəiflətmək cinayətkarları gücləndirmək deməkdir. Polisə hücum edən adam xalqı cinayətkarlar, rəzil və quldur adamlar, oğru və xuliqanlar qarşısında müdafiəsiz qoyur.

Həzrət Ayətullah Xamenei “endogen təhlükəsizlik”in ölkə üçün böyük bir imtiyaz olduğunu dedi: “Bizim təhlükəsizliyimiz tamamilə endogendir və başqalarından asılılığı yoxdur. Bu təhükəszilik başqalarının kənardan təmin etdikləri, bununla da ölkəyə sağmal inək gözündə baxılmasına səbəb olan təhlükəsizlikdən tamamilə fərqlənir”.

O, İran İslam Respublikasının təhlükəsizliyinin Allahın qüdrəti, Həzrət Vəliyyi-əsrin (ə.f) himayəsi, düşüncə, müqavimət, xalq və Silahlı Qüvvələrə etimaddan qaynaqlandığını dedi: “Yada arxalananı həmin xarici qüvvə bir gün tək qoyacaq. Çünki onu nə qorumaq istəyəcək, nə də qoruya biləcək”.

Mərasimdə çıxış edən Silahlı Qüvvələrin baş qərargah rəisi general Baqiri vurğuladı ki, bir qrup qafil və asılı insanın iğtişaş törətmək üçün etdikləri təhriklər İranın uca xalqının Haqq cəbhəsindəki fəxarət dolu hərəkətində heç bir tərəddüd yartamayacaq: “Silahlı Qüvvələr xalqla birlikdə aktiv müqavimətin mütərəqqi və strateji fərmanının icrasında həlledici rol oynayacaq”.

Hərbi Akademiyaların seçilmiş komandanı II admiral Şəfqət, İmam Hüseyn adına Akademiyanın komandanı briqada generalı Qulami, İmam Həsən adına Hərbi Akademiyanın komandanı II dərəcəli briqada generalı Ahi bu akademiyaların təhsil proqramları və tədbirləri ilə bağlı məlumat verdilər.

Tələbələrin ümumi hərbi himninin ifası və seçilmiş hərbi birləşmələrin hərbi paradla meydandan keçib getməsi bugünkü mərasimin proqramlarından oldu.

Bu il Silahlı Qüvvələrin İmam Hüseyn adına Zabitlik və Polis Akademiyasında təşkil edilən müşətərək buraxılış mərasimi televiziya vasitəsilə birbaşa Silahlı Qüvvələrin digər 9 akademiyasında yayımlandı. Həmin akademiyaların müdavimləri Ali Baş Komandanın çıxışını dinlədilər.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /