Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Cüzi hadisələr rəhbərliyin quruculuğa yönələn diqqətini yayındırmamalıdır

Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın yeni sədri və üzvləri ilə görüşdə bu şuranın əsaslı vəzifə daşıması və dövlət məsələlərinə hərtərəfli baxan, elit və təcrübəli insanların burada mövcud olması baxımından İslam Respublikası üçün çox mühüm əhəmiyyəti olan bir qurum olduğunu dedi.

İslam İnqilabının Rəhbəri, habelə, son hadisələrə işarə edərək pərakəndə iğtişaşların düşmənin İran xalqının böyük və təşəbbüskar hərəkəti və nailiyyətləri qarşısında naşı və reaktiv bir layihə olduğunu dedi: “Xalq İslam dövləti və dini dəyərlər yolunda olduğu müddətdə bu düşmənçiliklər davam edəcək. Bu düşmənçiliklərin yeganə əlacı müqavimətdir. Ölkə rəhbərliyi ehtiyatlı olmalıdır ki, belə məsələlər daxili və xarici sahədə onları əsas vəzifələri və məsuliyyətlərindən yayındırmasın”.

Həzrət Ayətullah Xamenei bundan əvvəlki şuranın üzvlərinə göstərdikləri fəaliyyətlərə görə, xüsusilə yeddinci proqramın ümumi siyasətləri ilə bağlı təşkil etdikləri intensiv iclaslara görə təşəkkürünü bildirdi. O, habelə Şuranın mərhum üzvlərinin, xüsusilə mərhum Ayətullah Haşimi Şahrudinin xatirəsini əziz tutaraq dedi: “Şura həm seçkin və təcrübəli şəxslərin olması, həm də mühüm vəzifə icra etməsi baxımından üstün və yüksək mövqeyə malikdir”.

O qeyd etdi ki, Şuranın ən mühüm vəzifəsi mənafeyi müəyyən etməkdir: “Mənafe məsələsi dövlətin birinci dərəcəli məsələlərindəndir; Böyük İmamın təbirincə desək, o qədər əhəmiyyətlidir ki, ondan xəbərsizlik bəzən İslamın məğlubiyyətinə səbəb olur”.

İnqilabın Rəhbəri mənafeyin həqiqət və şəriətin hökmünün müqabilində dayanan bir məsələ kimi izah edilməsinin yanlış olduğunu dedi və vurğuladı ki, mənafeyi düzgün tanımaq üçün mövzunu və mənafeyi düzgün tanımaq lazımdır: “Mənafeyin müəyyən edilməsində əminlik gətirəcək bir şəkildə əməl etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei Şurada tədqiq edilən qanunların mənafeyin tətbiq edildiyi vaxta qədər etibarlı olduğunu dedi: “Ümumi siyasətlər məsələsində də ifrat və təfritçi baxışdan uzaq olmaq lazımdır. Çünki həm ideal məsələlərin və ölkə üçün faydalı olan hər bir şeyin ümumi siyasətlər kimi buraya sığışdırılması, həm də xırdalıqlara varmaq, bəzi kəmiyyətləri təyin etmək, qanunverici və icraedici müstəvinin cüziyyatına varmaq yanlışdır”.

İnqilabın Rəhbəri ümumi siyasətlərin düzgün tərifinin qarşıya qoyulan məqsədlərə nail olmaq üçün qanunlara və icra məsələlərinə yön verən aktual çərçivədən ibarət olduğunu dedi: “Bəzi siyasətlər qalıcı, bəziləri isə müəyyən bir dövrə xasdır və yenilənməyə ehtiyacı var”.

O bildirdi ki, ümumi siyasətlərin gözəl şəkildə icrasına nəzarət vəzifəsi incə bir məsələdir: “Bəzən şikayət edilir ki, bu nəzarət işlərin kilidlənməsinə səbəb olur. Halbuki hüquqi mülahizələr və qaydalar elə bir şəkildə nəzərdə tutulmalıdır ki, nəzarət qanunverici və icraedici orientasiyaların pozulmasının qarşısını almaqla yanaşı, işlərin dayanması və ya yubanmasına səbəb olmasın”.

Ümumi siyasətlərin effektivliyi İnqilabın Rəhbərinin çıxışının bu hissəsinin sonunda toxunduğu nüans oldu.

Həzrət Ayətullah Xamenei çıxışının davamında son hadisələrə və pərakəndə iğtişaşlara işarə edərək Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın üzvlərinə işləri nizama salan və düşmənin planını pozan nüfuzlu şəxsiyyətlər kimi bu məsələlər qarşısında yetərli qədər diqqətli olmağı və onların üzərindən ötüb keçməməyi tövsiyə etdi.

O vurğuladı ki, son hadisələrin düşmənin müdaxiləsinin nəticəsi olması hamıya, hətta bitərəf mövqedə olan xarici ekspertlərə də aydın və aşkardır: “Bu hadisələr daxildən qaynaqlanan spontan bir məsələ deyil. Əlbəttə, bəzi məsələlərdən istifadə edə bilərlər. Amma düşmənin təbliğatlar, düşüncələrə təsir göstərmək, həyəcan yaratmaq, həvəsləndirmə, hətta yandırıcı maddələrin hazırlanması yollarının öyrədilməsi kimi fəaliyyətləri artıq tamamilə aydın və aşkardır”.

İnqilabın Rəhbəri bildirdi ki, bu hadisələrdə mühüm nüans düşmənin hərəkətinin reaktivliyidir: “İran xalqı qısa zaman ərzində dünyanın imperialistlərinin siyasətlərinin 180 dərəcə əks tərəfində qərarlaşan böyük hərəkətlərə imza atdı. Onlar əksül-əməl göstərmək məcburiyyətində qaldılar. Bu istiqamətdə proqramlar işləyib hazırlamaqla və pul sərf etməklə Amerika, Avropa və dünyanın digər nöqtələrində bəzi siyasətçiləri meydana sürdülər”.

Həzrət Ayətullah Xamenei dedi: “Bu böyük hərəkətlər göstərdi ki, İran xalqı yüksək əhval ruhiyyəli, dindar, dini məsələlərə və dəyərlərə bağlıdır. Ölkə də özünün irəliyə doğru hərəkətini sürətlə davam etdirir”.

Həzrət Ayətullah Xamenei gənclərin Ərbəin yürüşündəki milyonluq iştirakının və mömincəsinə hərəkətlərinin İran xalqının dindarlığı, dini inancı və böyük hərəkətlərinin bir nümunəsi olduğunu dedi: “Əslində, təşəbbüs İran xalqının əlində idi. Düşmən naşı və əbləh bir əksül-əməl göstərmək, iğtişaş üçün plan qurmaq məcburiyyətində qaldı”.

İslam İnqilabının Rəhbəri küçələrə çıxmış insanlarla bağlı tədbirlərin fərqli olduğunu bir daha vurğuladı: “Bu fərdlərin bəzisi ya düşmənin əlaltısıdır, ya da əlaltısı olmasa da, onunla eyni mövqedədir. Bəziləri isə emosialara qapılıblar. İkinci dəstə ilə bağlı maarifləndirmə işləri aparmaq lazımdır. Birinci qrupa gəldikdə isə, məhkəmə və təhlükəsizlik orqanları öz vəzifələrinə əməl etməlidirlər”.

Həzrət Ayətullah Xamenei dedi: “Bəziləri deyirlər ki, mühiti təhlükəsizlik orqanının ciddi nəzarət meydanına çevirməyin. Biz də bununla razıyıq. Mümkün olduğu qədər mühit təhlükəsizlik orqanının ciddi nəzarət meydanına çevrilməməlidir. Amma mədəni işin öz yeri, məhkəmə və təhlükəsizliyin də öz yeri var”.

O vurğuladı: “İran xalqı İslam bayrağını əlində saxladığı və İslam dövləti ilə birgə olduğu müddətdə bu düşmənçiliklər müxtəlif formalarda davam edəcək. Yeganə xilas yolu müqavimətdir. Bununla biz İslam yolunda hərəkət etdiyimiz üçün şeytanın bizə çoxlu problemlər yaratdığını demirik. Çünki İslam yolunda olmayanlar da başqa bir formada şeytanın yaratdığı problemlərə məruz qalırlar”.

İslam İnqilabının Rəhbəri dedi: “Bizim şeytanların planları və yaratdıqları problemlərə qarşı müqavimətimiz dayanmağımıza səbəb olmayacaq və irəliyə doğru hərəkətə zəmin yaradacaq”.

Həzrət Ayətullah Xamenei ölkə rəhbərliyinə bir tövsiyə də verdi: “Bu məsələlərin diqqətinizi yayındırmasından, sizi əsl və əsas işlərinizdən saxlamasından ehtiyatlı olun”.

O əlavə etdi: “Quruculuq işləri, böyük icra işləri, effektiv qanunvericiliklər, böyük məhkəmə işləri və xarici siyasət sahəsinə aid olan mühüm məsələlər bu kiçik hadisələrdən təsirlənməməlidir. Allahın lütfü ilə belə olmayacaq da”.

O, çıxışının sonunda vurğuladı: “Bizim Allahın qəti qələbə ilə bağlı vədinə yəqinimiz var. Allahın yardımı mütləq bizimlə olacaq”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədri Ayətullah Amuli Laricani Şuranın üzvlərinin ciddiyəti və işlərinə hakimlikləri, mənafeyin müəyyənləşdirilməsi istiqamətində gördükləri tədbirlər, ümumi siyasətlərin araşdırılması, problemlərin həlli, habelə Ali Nəzarət Şurasının keçən dövrdəki fəaliyyətləri və cari dövrdə qarşıda duran proqramlarla bağlı hesabat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /