Ali Məqamlı Rəhbərin informasiya bloku

Qanun baxımından

 İRAN İSLAM RESPUBLİKASININ KONSTİTUSİYASINDA RƏHBƏR VƏ YA VƏLİYYİ-FƏQİHƏ DAİR MADDƏLƏR

Maddə 2: İslam Cümhuriyyəti
Maddə 5: Ədalətli və təqvalı fəqihin hakimiyyəti
Maddə 57: İran İslam Respublikasının Dövlət hakimiyyəti orqanları
Maddə 60: İcra hakimiyyəti
Maddə 91: Nəzarət Şurası
Maddə 107: Rəhbərin Xubriqan Məclisi tərəfindən seçilməsi
Maddə 109: Rəhbərin şərtləri və xüsusiyyətləri
Maddə 110: Rəhbərin vəzifə və səlahiyyətləri
Maddə 111: Rəhbərin dünyadan köçməsi, istefası və ya mənsəbindən kənarlaşdırılması
Maddə 112: Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilat
Maddə 113: Prezident və Nazirlər Kabineti
Maddə 131: Prezidentin dünyadan köçməsi, istefası və ya vəzifəsindən kənarlaşdırılması
Maddə 142: Rəhbər, Prezident və dövlət işçilərinin xüsusi mülkiyyəti
Maddə 157: Məhkəmə hakimiyyəti
Maddə 175: İran İslam Respublikasının Televiziya və Radio yayımları şirkəti
Maddə 177: İran İslam Respublikasının Konstitusiyasına əlavələr

Maddə 2.
İslam Cümhuriyyəti aşağıdakı əqidə prinsiplərinə əsaslanan dövlət quruluşudur:
1. Təkallahlığa, həmçinin mütləq hakimiyyətin və qanunvericiliyin Allaha məxsus olduğuna və Ona təslim olmağın zəruriliyinə etiqad bəsləmək;
2. İlahi vəhyə iman və qanunların ondan qaynaqlanması;
3. Məada iman və insanın Tanrıya yaxınlaşmasında onun tərbiyəvi əhəmiyyəti;
4. Yaradılış və qanunvericilikdə İlahi ədalətə iman;
5. İmamət və (İlahi) rəhbərliyin davamına iman və onun İslam İnqilabı üçün əhəmiyyəti;
6. İnsanın ali dəyərinə və onun Tanrı qarşısında məsuliyyəti ilə birgə anlaşılan azadlığına iman.
Aşağıdakı yollarla əldə olunan bu azadlıq və məsuliyyətlər cəmiyyətdə haqq-ədalətin bərqərar olunmasını, siyasi, iqtisadi, ictimai və mədəni istiqlaliyyəti və milli həmrəyliyi təmin edir:
a) Lazımi şərtlərə malik olan fəqihlərin Quran və məsumların (Allahın salamı onlara olsun) hədislərinə əsaslanaraq hər zaman davam edən ictihadı;
b) Yeni elmi-texniki nailiyyətlərdən yararlanmaq, elm və texnikanın inkişafı üçün çalışmaq;
c) Zülm etməmək və zülmə tabe olmamaq, həmçinin başqalarına hökmranlıq etməmək və başqalarının da hökmranlığına tabe olmamaq.

Maddə 5.
İmam Zamanın (əc) qeybdə olduğu dövrdə İran İslam Cümhuriyyətində ümmətə başçılıq və cəmiyyətin idarəçiliyi ədalətli, təqvalı, zəmanənin tələblərini bilən, şücaətli, tədbirli və idarəçilik bacarığı olan bir fəqihin öhdəsinə düşür ki, o, bu mənsəbə konstitusiyanın 107-ci maddəsinə əsasən bu mənsəbə təyin edilir.
Maddə 57.
İran İslam Respublikasının Dövlət hakimiyyəti orqanları aşağıdakılardan ibarətdir: Qanunvericilik hakimiyyəti, İcra hakimiyyəti və Məhkəmə hakimiyyəti.
Bu orqanlar Vəliyyi-fəqihin nəzarəti altında olub, sonrakı maddələrə müvafiq şəkildə fəaliyyət göstərirlər. Bu hakimiyyət orqanlarının hər biri müstəqil şəkildə fəaliyyət göstərir.
Maddə 60.
İcra hakimiyyəti Konstitusiyada birbaşa Rəhbərə mənsub olan səlahiyyətlər istisna olmaqla, Prezident və Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
Maddə 91.
İslam Şurası Məclisi tərəfindən qəbul edilən qərarların Konstitusiyanın müddəalarına və İslamın hökmlərinə zidd olmamağına nəzarət məqsədilə aşağıda qeyd olunan tərkibdə Nəzarət Şurası adlı bir şura təşkil edilir:
1) Rəhbər tərəfindən altı nəfər ədalətli və dövrün tələblərini bilən fəqih seçilir.
2) Məhkəmə hakimiyyəti başçısı İslam Şurası Məclisinə hüququn müxtəlif sahələri üzrə altı müsəlman hüquqşünası təqdim edir və onlar İslam Şurası Məclisinin rəyi ilə seçilirlər.
Maddə 107.
Xalqın böyük əksəriyyəti tərəfindən Rəhbər seçilən ali məqamlı mərcəyi-təqlid – İslam İnqilabının Böyük Rəhbəri və İran İslam Respublikasının banisi Həzrət Ayətullah Xomeynidən (Allah qəbrini nurla doldursun) sonra Rəhbərin təyin edilməsi Xubriqan Məclisinin öhdəsinə düşür. Bu Məclisin üzvlərini isə camaat seçir.
Xubriqan Məclisi 5-ci və 109-cu maddələrdə göstərilən şərtlərə uyğun gələn bütün səlahiyyətli fəqihlər haqqında araşdırma aparır və məşvərət iclası keçirir. Əgər onlardan birinin ya fiqh sahəsində digər fəqihlərdən daha bilikli olduğunu, ya siyasi-ictimai məsələlərdə digərlərindən daha məlumatlı olduğunu, ya xalqın böyük əksəriyyəti tərəfindən istənildiyini, ya da 109-cu maddədə göstərilən keyfiyyətlər baxımından digərlərindən seçildiyini müəyyənləşdirsələr, onu Rəhbər təyin edirlər. Qeyd olunan üstünlüklər olmadıqda səlahiyyətli fəqihlərdən birini Rəhbər seçib təqdim edirlər. Xubriqan Məclisinin seçdiyi Rəhbər idarəçilik və ondan irəli gələn məsuliyyətləri daşıyır.
Qanun qarşısında Rəhbər, ölkənin digər fərdləri ilə bərabər hüquqludur.
Maddə 109.
Rəhbərin şərtləri və xüsusiyyətləri:
1) Fiqhin müxtəlif bölmələrinə aid məsələlərdə fətva vermək üçün lazımi elmi səviyyəyə malik olmaq;
2) İslam ümmətinə rəhbərlik üçün lazımınca ədalətli və təqvalı olmaq;
3) Düzgün siyasi-ictimai baxışa sahib olmaq, tədbirli və şücaətli olmaq, idarəçilik bacarığına malik olmaq.
Yuxarıda sadalanan şərtlərə uyğun gələn fəqihlər sayca çox olduğu halda, fiqhdə və siyasətdə hamıdan daha güclü olan fəqihə üstünlük verilir.
Maddə 110.
Rəhbərin vəzifə və səlahiyyətləri:
1) Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilatla məşvərət etdikdən sonra İran İslam Respublikasının ümumi siyasətlərini təyin etmək;
2) Ölkənin ümumi siyasətlərinin layiqincə aparılmasına nəzarət;
3) Referendum üçün fərman vermə;
4) Silahlı Qüvvələrin Baş Komandanlığı;
5) Müharibə, sülh və ya səfərbərlik elan etmək;
6) Aşağıdakı vəzifələrə təyin etmək, bu vəzifələrdən kənarlaşdırmaq və istefanı qəbul etmək:
a) Nəzarət Şurasının fəqihlərini;
b) Məhkəmə Hakimiyyəti başçısını ;
c) İran İslam Respublikasının Televiziya və Radio yayımları şirkətinin müdirini;
d) Birləşmiş Ştabın rəisini;
e) İslam İnqilabı Mühafizəçiləri Dəstəsinin Baş Komandanını;
f) Hərbi və Daxili qoşunlarda ali rütbələrin komandirlərini;
7) Üç hakimiyyət orqanı arasında yaranan ixtilafları həll etmək və əlaqələri tənzimləmək;
8) Ölkənin sadə şəkildə həll oluna bilinməyən problemlərini Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilatla məşvərət yolu ilə həll etmək;
9) Seçkilər yolu ilə seçilən Prezidentin prezidentliyinə fərman vermək. Seçkilərdən qabaq prezidentliyə namizədlərin Konstitusiyada göstərilən tələblərə uyğun olması Nəzarət Şurası təyid etməli və ilk mərhələdə Rəhbər tərəfindən təsdiq edilməlidir.
10) Ali məhkəmə Prezidentin qanun pozuntusuna yol verdiyinə dair qərar qəbul etdikdən sonra və yaxud 89-cu maddəyə əsasən İslam Şurası Məclisi Prezidentin öz vəzifəsində qənaətbəxş olmadığına dair rəyini bildirdikdən sonra Rəhbər ölkənin mənafeyini nəzərə alaraq, Prezidenti tutduğu vəzifədən kənarlaşdıra bilər.
11) Məhkəmə Hakimiyyəti başçısının təklifi əsasında məhbusların İslam normalarına müvafiq şəkildə əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi.
Rəhbər bəzi səlahiyyətlərini başqa bir şəxsə həvalə edə bilər.
Maddə 111.
Rəhbər üzərinə düşən vəzifələri yerinə yetirə bilmədiyi təqdirdə və ya 5-ci və 109-cu maddələrdə göstərilən keyfiyyətlərdən birini itirdikdə və yaxud əvvəlcədən bəzi keyfiyyətlərə malik olmadığı aşkar edildikdə öz vəzifəsindən kənarlaşdırılır.
Bu məsələnin müəyyənləşdirilməsi 108-ci maddədə sözügedən Xubriqan Məclisinin öhdəsinə düşür.
Rəhbər vəfat etdikdə, vəzifədən çıxdıqda və ya kənarlaşdırıldıqda Xubriqan Məclisi tez bir zamanda yeni Rəhbəri təyin və təqdim etməlidir. Rəhbər təyin olunana qədər Prezident, Məhkəmə Hakimiyyəti başçısı və Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilat tərəfindən seçilən Nəzarət Şurasının fəqihlərindən biri daxil olmaqla Şura yaradılır və bir sıra Rəhbərin vəzifələrini öhdəsinə götürür. Bu müddətdə Şura üzvlərindən hər hansı biri müəyyən bir səbəbə görə öz vəzifəsini yerinə yetirə bilməsə, Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilat tərəfindən başqa bir şəxs fəqihlərin sayca çoxluğunu qorumaq şərtilə onun yerinə təyin edilir.
Bu şura 110-cu maddənin 1, 3, 5 və 10-cu bəndləri və 6-cı bəndin (d), (e) və (f) hissələrində qeyd edilən vəzifələri yalnız Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilat üzvlərinin ¾-nün təsdiqi ilə həyata keçirə bilər.
Rəhbər xəstəlik və ya başqa bir hadisəyə görə müvəqqəti olaraq vəzifələrini yerinə yetirə bilmədiyi müddət ərzində bu maddədə sözügedən Şura onun vəzifələrini öz öhdəsinə götürür.
Maddə 112.
Rəhbər tərəfindən Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilat aşağıdakı məqsədləri həyata keçirmək üçün yaradılır:
– Nəzarət Şurası. İslam Şurası Məclisinin çıxardığı qərarın şəriət normalarına və Konstitusiyaya zidd olduğunu hesab etdikdə qurum mənafeyini müəyyən etmək;
– İslam Şurası Məclisinin çıxardığı qərar qurumun mənafeyi baxımından Nəzarət Şurasının nöqteyi-nəzərini təmin etmədiyi halda həmin mənafeyi müəyyən etmək;
– Rəhbərin tapşırdığı məsələlər barəsində müşavirə etmək;
– Həmçinin, Konstitusiyada göstərilən digər vəzifələri icra etmək.
Bu təşkilatın daimi və müvəqqəti üzvlərini də Rəhbər təyin edir. Belə ki, təşkilatın daxili qanunları onun üzvləri tərəfindən hazırlanır, qəbul olunur və sonda Rəhbər tərəfindən təsdiq edilir.
Maddə 113.
Rəhbərdən sonra Prezident ölkənin ən ali rəsmi orqanıdır. Konstitusiyanın icra məsuliyyəti və Konstitusiyada birbaşa Rəhbərə mənsub olan səlahiyyətlərdən başqa, İcra hakimiyyətinə başçılıq etmək də Prezidentin öhdəsinə düşür.
Maddə 131.
Prezident vəfat etdiyi, vəzifəsindən kənar edildiyi, istefa verdiyi, xəstəlik və ya digər səbəblərə görə iki aydan artıq iş başına keçə bilmədiyi, həmçinin Prezidentin hakimiyyət müddəti qurtardığı və müəyyən səbəblərə görə yeni Prezident seçilmədiyi və s. bu kimi hallarda Prezidentin birinci müavini Rəhbərin razılığı ilə Prezidentin səlahiyyətlərini və vəzifələrini öz öhdəsinə götürür.
İslam Şurası Məclisinin sədri, Məhkəmə Hakimiyyətinin başçısı və Prezidentin birinci müavinindən ibarət olan Şura yeni Prezidentin ən gec 50 gün müddətində seçilməsi üçün lazımi tədbirləri görməlidir.
Birinci müavin vəfat etdiyi və ya müəyyən səbəblərə görə üzərinə düşən vəzifəni yerinə yetirə bilmədiyi, yaxud Prezidentin birinci müavini olmadığı təqdirdə Rəhbər onun yerinə başqa bir nəfəri təyin edir.
Maddə 142.
Rəhbərin, Prezidentin, Prezidentin müavinlərinin və nazirlərin vəzifəyə keçməmişdən qabaqkı və sonrakı əmlak və maliyyə imkanlarının, eləcə də onların həyat yoldaşı və övladlarının əmlak və maliyyə imkanlarının qanunsuz yollarla artmadığını aşkarlamaq üçün məhkəmə tərəfindən yoxlama aparılır.
Maddə 157.
Rəhbər hüquq-məhkəmə işlərini yaxşı bilən, idarəçilik bacarığı olan, tədbirli və ədalətli bir müctəhidi Məhkəmə hakimiyyəti başçısı təyin edir və o, 5 il müddətində Məhkəmə hakimiyyətinin üzərinə düşən bütün vəzifələri öhdəsinə götürərək hakimiyyətin ən yüksək orqanı sayılır.
Maddə 175.
İran İslam Respublikasının Televiziya və Radio Yayımları Şirkətində dini normalara riayət etmək və ölkənin mənafeyinə xələl gətirməmək şərti ilə söz və məlumat azadlığına təminat verilir.
İran İslam Respublikasının Televiziya və Radio Yayımları Şirkətinin rəisini təyin etmək və vəzifədən azad etmək Rəhbər tərəfindən həyata keçirilir. Prezident, Məhkəmə hakimiyyəti və İslam Şurası Məclisinin nümayəndələrindən (hər biri tərəfindən iki nümayəndə olmaqla) ibarət Şura bu şirkətin fəaliyyətinə nəzarət işini həyata keçirir.
Bu şirkətin iş prinsipini, idarə strukturunu və ona nəzarət edən Şuranın işini qanun müəyyən edir.
Maddə 177.
Zəruri olduqda İran İslam Respublikasının Konstitusiyasına aşağıdakı qaydada əlavələr olunur:
Rəhbər Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilatla müşavirədən sonra Prezidentə müraciət edir və aşağıdakı tərkibdə olan Şura tərəfindən Konstitusiyaya əlavə olunacaq və ya islah olunacaq maddələrə baxılmasını təklif edir:
1. Nəzarət Şurasının üzvlərini;
2. Üç hakimiyyət orqanının başçıları;
3. Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilatın daimi üzvləri;
4. Xubriqan Məclisinin üzvü olan 5 nəfər;
5. Rəhbər tərəfindən seçilən 10 nəfər;
6. Nazirlər Kabinetindən 3 nəfər;
7. Məhkəmə hakimiyyətindən 3 nəfər;
8. İslam Şurası Məclisinin deputatlarından 10 nəfər;
9. Universitetlərdən 3 nəfər.
Bu şuranın iş üslubu, üzvlərin seçilmə qaydasını və onların şərtləri qanunla müəyyən olunur.
Şuranın qərarı Rəhbər tərəfindən təsdiq edildikdən sonra referendum keçirilir və yalnız ümumi səsvermədə səs çoxluğu qazandığı təqdirdə qəbul olunur.

700 /